06/01/2024
Sabir Mirzağa oğlu Qarayev hakim və II dərəcəli hüquqşünas, riyaziyyat-fizika müəllimi, Oktyabr İnqilabı ordeni ilə təltif olunmuş yeganə azərbaycanlı müəllim.
Respublikada qabaqcıl müəllim, ağsaqqal hüquqşünas, gözəl şəxsiyyət kimi tanınan Sabir Mirzağa oğlu Qarayev mənalı, keşməkeşli bir yol keçmişdir. O, 1937- ci il yanvar ayının 3-də Lənkəran şəhərində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən Müharibəsinin məşəqqətli, ağır illərinə düşüb. Beş yaşında olanda atası Mirzağa kişi xəstəlikdən dünyasını dəyişib. Nənəsi Ağabəyim və anası Valiyə Sabiri və iki qız övladını çox çətinliklə böyüdüb, ərsəyə çatdırıblar. Sabir Qarayev, 1957- ci ildə Lənkəran Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə, 1962- ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika faültəsini uğurla bitirmişdir. On altı il Lənkəran şəhər 5 saylı tam orta məktəbində riyaziyyat-fizika ixtisası üzrə müəllim işləyən Sabir Qarayev təkcə rayonun deyil, o cümlədən respublikanın sayılıb-seçilən pedaqoqlarıından biri olub. Müəllim işləməklə yanaşı indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşunaslıq ixtisasını bitirmişdir. Sabir Qarayev 1978- 1982- ci illərdə Lerik Rayon Xalq Məhkəməsində hakim, 1982-1990- cı illərdə Masallı, 1990- 2000- ci illərdə Lənkəran rayonlarında məhkəmə sədri(baş hakim) vəzifəsində çalışmışdır. 2000-ci ilin sentyabrından təqaüdə çıxan Sabir Qarayev 2024-cü il 4 yanvar xəstəlik sonrası axşam radələrində həyatını itirmişdir.
O, islahatlarına görə Azərbaycan SSR KPMK-nin birinci katibi Heydər Əliyev tərəfindən "Oktyabr İnqilabı" ordeni ilə və Lerik məhkəməsində vəzifə icra edən zamanı Lerik rayonundan İrana keçən casusu tutub geri qaytarmasına görə Azərbaycan SSR sərhəd Qoşunlarının rəisi, general-mayor Mustafa Nəsirov tərəfindən 2-ci dərəcəli "Отличник погранвойск" ordeni ilə mükafatlandırılmışdır.